İnsan, neçə yaşda olur-olsun, hər bir xasiyyətini dəyişə - TopicsExpress



          

İnsan, neçə yaşda olur-olsun, hər bir xasiyyətini dəyişə bilər. Əlbəttə ki, oruc tutan insan ilk növbədə Allaha ibadət edərək, mənən saflaşır, ruhən yeniləşir. Bu ayın hər bir günü sanki onu Allaha aparan bir pillə olur və bu 30 gündə keçdiyi hər bir pillə ilə o, özünü Allaha daha da yaxın hiss edir. Son pillələr onun üçün əsl mənəvi kulminasiya olur və bu ayda səmimi qəlbdən oruc tutmuş hər bir şəxs bütün çirkinliklərdən qurtulub, tamamilə yeni – pak, mənən saf bir insana çevrilir. Allaha yaxın olan, Onunla dost olan bir insana… Nəfsani istəklərin insan ruhuna hakim olması çox təhlükəlidir. Bu hisslər adamı əsir edir, onu rəzil işlər görməyə sövq edir. İnsan oruc tutmaqla öz nəfsi ilə mübarizə etməli olur və hissləri müqabilində müqavimət göstərir. Başqa vaxtlarda halal olan yemək, içmək və bu kimi şeylərdən də çəkinməklə insan öz iradəsini və qətiyyətliliyini haram işlər müqabilində elə möhkəmləndirir ki, günah etməkdən çəkinmək onun üçün atrıq bir adətə çevrilir. Beləliklə, orucluq ayı hər bir insan üçün mənəvi fürsətlər yaradır. Bəs nə edək ki, bu fürsəti qaçırmayaq? Barəsində danışdığımız mənəvi fürsətlərin qapısı - bir AN dayanıb, bizi Allahdan uzaqlaşdıran hər bir şeyə "yox!" deyib, Allaha qayıtmaqla, Ona səmimi qəlbdən sığınmaqla açılır. Bu qapını açmağa isə hər birimizin imkanı var! Niyə bu Ana sahib çıxmayaq ki?.. Hələ ki, ölüm saatın yetişməyib, tövbə et! İnsanın günahlarını anlayaraq tövbə etməyin vacibliyini dərk etməsi elə bir andır ki, biz yeni bir güclə və tamamilə fərqli şəkildə özümüz və həyatımız barədə düşünməyə başlayırıq. Uca Allahın bizə verdiyi həyat və bu həyatı hansı hala saldığımız haqda düşünüb-daşınırıq. Bu, daxili rahatlığı əldə etməyə və beləliklə də bizi səadətdən məhrum edən səhvlərimizi anlamaq və düzəltmək məqsədi ilə əməllərimizin yenidən qiymətləndirilməsidir. Əslində, dəfələrlə, dönə-dönə bu qiymətləndirməni aparmaq çox zəruridir. Amma Ramazan bunun üçün ən gözəl fürsətdir! Tövbə edib, Allahdan bağışlanmamızı diləyək, Ona sığınaq və yeniləşək! "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!" (surə 71, ayə 10). Bir çoxları adətən bu işi ölüm saatına, son xəstəliyinə, o ana saxlayır ki, artıq bu fani dünyadakı həyatlarının sona çatdığını aşkar edirlər. Və məhz həmin an, qorxu və ölümlə üz-üzə qaldıqda, biz qəfildən həyatımıza, Allaha qarşı ciddiləşirik, səhvlərimizi anlamağa” başlayırıq. Amma təəssüf, məlum olur ki, çox-çox gecikmişik və ölüm ayağındakı tövbə özünə heç cür rahatlıq tapa bilməyən iç dünyamızı düzəldə, sağalda bilməz. Çünki artıq bizə ayrılan ömür payını yaşamışıq və səhvlərimizi düzəltməyə sadəcə vaxt yoxdur: "Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!" (surə 4, ayə 18). Elə yaşa ki, həyatla vidalaşdıqda səhvlərini düzəltmək imkanını boşa verdiyin üçün üzülməyəsən Çoxları barəsində danışdığımız HƏQİQƏT ANIna lazımi dəyər vermir. Hərçənd bu ANın sayəsində həyatımızı tamamilə dəyişə bilərik. Çünki məhz bu AN bizə ayaq saxlamaq, hesab çəkmək, səadətə qovuşmağa mane olan çirkinliklər və sapmalarımızdan azad olmağa fürsət verir. Nə qədər ki, gec deyil və yaxşılıq etmək iqtidarındayıq - hər şeyi yenidən, Allahın buyurduğu kimi başlamağa məhz bu AN imkan yaradır… Sabah, birigün, hətta bir neçə dəqiqə sonra bizi nə gözlədiyini bilmirik! Bəs elə isə, nəyi gözləyirik, niyə indi, bax elə bu dəqiqə yox? Qarşıda bu ANı yaxalamaq üçün çoxlu şansımız olacağına təminat varmı? Bunu vaxt itirmədən və belə qızıl şansı əldən vermədən etməyə nə mane olur? Axı hamımızı başqa bir an da gözləməkdədir - ÖLÜM ANI! "Hər bir kəs ölümü dadacaqdır" (surə 3, ayə 185). Tövbə anından fərqli, ölüm anı qəfildən, bizə tövbə etməyə aman vermədən gələ bilər. Bu mənada ölüm bizə dəyərli, Allahın ipindən tutaraq ömür sürməyə tələsməyi xatırladır. Bu səbəbdən bir çox hədislərdə ölümü, əbədi olmadığımızı daim xatırlamaq tövsiyə olunur. Unutmamalıyıq ki, hər saat, hər saniyə, hətta hər an Allahın böyük lütfü və əlbəttə ki, tövbə etmək üçün əvəzsiz bir fürsətdir. Ölümü xatırlamaq o anlama gəlməməlidir ki, insan bədbin notlara köklənib panika içində bütün günü öləcəyi barədə düşünməli və onun baş verməsindən dəhşətə gəlməlidir. Əksinə, bu, dünya həyatının mahiyyətini anlamaq üçün bizə gözəl bir şans verir və sağ olduğumuz müddətdə həyatımızı layiqli yaşamalı olduğumuzu xatırladır. Elə yaşa ki, həyatla vidalaşdıqda səhvlərini düzəltmək imkanını boşa verdiyin üçün üzülməyəsən…
Posted on: Mon, 22 Jul 2013 17:08:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015